SİYASƏT
Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşmüşlər
Bakı, 20 may (AZƏRTAC, Aidə Quluzadə). Mayın 20-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən siyasi partiyaların nümayəndələri qonaqlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini səsləndirmişlər.
Bildirilmişdir ki, artıq 20 ildən çoxdur Azərbaycan ərazisinin 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ermənistan BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə, o cümlədən beynəlxalq təşkilatların bu barədə sənədlərinə məhəl qoymur.
Qeyd olunmuşdur ki, Azərbaycan xalqı Avropa Şurasının Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı haqlı mövqeyini yüksək qiymətləndirir.
Görüşdə təcavüzkar Ermənistana qarşı indiyədək heç bir sanksiya tətbiq edilməməsinin təəssüf doğurduğu vurğulanmışdır. Bildirilmişdir ki, əgər hazırda dünyada baş verən proseslərə beynəlxalq ictimaiyyətin göstərdiyi reaksiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə göstərilsəydi indi daha ədalətli nəticələr əldə etmək olardı.
Görüşdə Avropa Şurası ilə Azərbaycan arasında əlaqələrin gündən-günə inkişaf etdiyi məmnunluqla qeyd edilmişdir. Bildirilmişdir ki, ölkəmiz Avropa Şurasının fəaliyyətində yaxından iştirak edir. Sevindirici haldır ki, Azərbaycan Avropa Şurası qarşısındakı öhdəlikləri uğurla yerinə yetirir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuş, həmməruzəçilərin sualları cavablandırılmışdır.