CƏMİYYƏT
Milli Məclisin deputatı Çexiyada Beyin Mərkəzləri Sammitində iştirak edib
Bakı, 13 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti iyunun 10-dan 12-dək Çex Respublikasının Praqa şəhərində keçirilən Asiya-Avropa Siyasi Forumunun (AEPF) 4-cü iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, iclas çərçivəsində təşkil olunan Beyin Mərkəzləri Sammitində ölkəmizi Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyəti sədrinin müavini Elşad Mirbəşiroğlu təmsil edib.
Professor Elşad Mirbəşiroğlu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) və Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) Qrupu tərəfindən təşkil olunan AEPF-nin iclası çərçivəsində keçirilən tədbirdə çıxış edərək Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti, nəşrləri, beynəlxalq əməkdaşlığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2019-cu ildə yaradılan STM Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsi olmaqla dövlət idarəçiliyində analitik yanaşmanın və beyin mərkəzlərinin rolunun artmasına xidmət edir. STM-in üçillik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən danışan Milli Məclisin deputatı çıxışının sonunda tədbirdə iştirak edən Asiya və Avropanın müxtəlif beyin mərkəzlərinin nümayəndələrini STM-lə əməkdaşlığa dəvət edib.