SİYASƏT
MİLLİ MƏCLİSİN DEPUTATLARI ABŞ-A SƏFƏRƏ GEDƏCƏKLƏR
Bakı, 15 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı yanvarın 20-dən 31-dək Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqdır.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Qənirə Paşayeva, Gülər Əhmədova, İqbal Ağazadə və Zahid Oruc daxildirlər.
Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirmişdir ki, Açıq Dünya Proqramı çərçivəsində baş tutacaq səfəri Beynəlxalq Təhsil üzrə Amerika Şurası təşkil edir.
Səfər zamanı Milli Məclisin deputatları ABŞ Senatında, Konqresdə, media qurumları, qeyri-hökumət təşkilatları və lobbi mərkəzlərində qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəkdir.
Deputatlarımız Konqres tərəfindən separatçı Dağlıq Qarabağ rejiminə yardım ayrılmasına bir daha etiraz bildirəcək, Vaşinqtonda keçiriləcək görüşlərdə Azərbaycan həqiqətləri ABŞ rəsmiləri və ictimaiyyəti nümayəndələrinin diqqətinə çatdırılacaqdır.
Təhsil, səhiyyə, hüquq, kənd təsərrüfatı, milli resurslar, qanunvericilik və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılacaqdır.