SİYASƏT
MİLLİ MƏCLİSİN DEPUTATLARI MDB PA-NIN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 1 dekabr (AZƏRTAC). Azərbaycan parlamentinin nümayəndə heyəti dekabrın 2-dən 4-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək MDB Parlamentlərarası Assambleyasının 33-cü geniş iclasında və Tavriya sarayının 220 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Elton Məmmədov, Fəzail Ağamalı və Ərəstun Cavadov daxildirlər.
İclasda bir sıra təşkilati məsələlərə baxılacaq, qurumun üzvü olan dövlətlərin ekoloji təhlükəsizliyinə dair Konvensiyanın yeni redaksiyası və II Neva beynəlxalq ekoloji konqresinin yekunları nəzərdən keçiriləcək, MDB ölkələrinin sərhədyanı əməkdaşlığına dair Konvensiyaya Əlavə müzakirəyə çıxarılacaq, 2005-2010-cu illərdə MDB-də milli qanunvericiliklərin yaxınlaşdırılmasına və model qanunvericiliyə dair Perspektiv Plana dəyişikliklər ediləcək, müxtəlif tədbirlərə dair qətnamələr qəbul olunacaqdır.
MDB PA-nın 33-cü geniş iclasında bu qurumun sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının, eləcə də Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Dövlətdə uşaq hüquqlarının əsas təminatları haqqında” model qanunun yeni redaksiyası, həmçinin “Qırmızı xaç” və “Qızıl aypara” emblemlərinin istifadəsinə və qorunmasına dair model qanun barədə məruzələr edəcək, “Dəniz gəmiçiliyində əmək haqqı” barədə Beynəlxalq Konvensiyanın ratifikasiyasına dair məsələni təqdim edəcəkdir.
Deputatlarımız qurumun komissiya iclaslarına da qatılacaqlar. Fəzail Ağamalı MDB PA-nın dövlət quruculuğu təcrübəsinin və yerli özünüidarəetmənin öyrənilməsi üzrə, Ərəstun Cavadov isə mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyaların iclaslarında müzakirəyə çıxarılan məsələlər ətrafında çıxış edəcək, mövqelərini bildirəcəklər.
Səfər dekabrın 4-də başa çatacaqdır.