SİYASƏT
MİLLİ MƏCLİSİN DEPUTATLARI PARİSDƏ AŞPA-NIN KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 4 iyun (AZƏRTAC). İyunun 5-də Parisdə Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin iclası keçiriləcəkdir. Toplantıda iştirak etmək üçün Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə nümayəndə heyəti Parisə yola düşmüşdür.
İclasda Avropanı düşündürən ictimai-siyasi proseslər, insan hüquqları, Rusiya-Gürcüstan münasibətləri və digər məsələlər müzakirə olunacaqdır. Qurumun Ermənistan üzrə həmməruzəçiləri bu ölkədə insan hüquqlarının vəziyyətinə və demokratik institutların fəaliyyətinə dair məruzə təqdim edəcəklər.
S.Seyidov demişdir ki, iclasda həm də əsas diqqət Avropa Şurasına baş katib seçilməsi məsələsi ilə bağlı müzakirələrə yönəldiləcəkdir. Bu məsələ qurumun iyunun 22-dən 26-dək Strasburqda keçiriləcək növbəti yay sessiyasında da müzakirə olunacaqdır. Yay sessiyasında ölkəmizlə bağlı hər hansı məsələnin müzakirə edilməsi nəzərdə tutulmamışdır.
Monitorinq komitəsinin toplantısında isə Azərbaycana dair ümumi fikir mübadiləsi aparılacaqdır.