SİYASƏT
Milli Məclisin deputatları Türkiyənin Doğu Akdeniz Universitetinin rektoru ilə görüşmüşlər
Bakı, 6 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Şimali Kiprin Doğu Akdeniz Universitetində “Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər” adlı elmi-praktik konfrans keçirilmişdir. Milli Məclisin deputatları Gülər Əhmədova və Musa Qasımlı konfransda iştirak etmişlər.
Tədbirdən əvvəl G.Əhmədova və M.Qasımlı Doğu Akdeniz Universitetinin rektoru Abdullah Öztoprak ilə görüşmüşlər.
Rektor azərbaycanlı deputatlara universitetin tarixi və fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Doğu Akdeniz Universitetində 16 mindən çox tələbə təhsil alır, onlardan 480-i azərbaycanlıdır.
Görüşdə deputatlar Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti ilə maraqlanmış, universitetdə onlar üçün yaradılan şəraitlə yaxından tanış olmuşlar.
G.Əhmədova Şimali Kiprdə “Azərbaycan-Şimali Kipr Gənclər Cəmiyyəti”nin yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Bu təşəbbüs rektor tərəfindən müsbət qarşılanmışdır. Milli Məclisin deputatı bu məsələni Şimali Kiprin rəhbəri ilə görüşündə də qaldıracağını vurğulamışdır.
A.Öztoprak konfransda iştirak etdiklərinə görə universitetin müəllim və tələbə heyəti adından azərbaycanlı deputatlara təşəkkürünü bildirmişdir.