SİYASƏT
Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilmişdir
Bakı, 29 yanvar (AZƏRTAC). Yanvarın 29-da Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənmişdir.
Sədr Hadi Rəcəbli bildirmişdir ki, 2014-cü ilin yaz sessiyasında sosial siyasət komitəsində yeni hazırlanan “Reproduktiv sağlamlıq haqqında”, “Uşaqların istirahətinin təşkili haqqında” və “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanun layihələri müzakirəyə çıxarılacaqdır. Bundan başqa, Milli Məclisin deputatlarının hazırladıqları daha bir neçə layihəyə baxılacaqdır.
H.Rəcəbli qeyd etmişdir ki, ümumiyyətlə, 2011-2013-cü illərdə komitədə 49 sənəd müzakirə edilmişdir. Həmin sənədlərdən üçü yeni qanun layihəsi olmuşdur.
Müzakirələrdə çıxış edən deputatlar sosial sahədə hazırlanmış qanun layihələri ilə bağlı rəy və təkliflərini bildirmişlər.
İclasda 2013-cü ilin noyabrında Ankarada imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” Sazişə baxılmışdır. Sazişdə tərəflər əmək miqrasiyasını, xüsusilə də iki dövlət arasında işçi mübadiləsini tənzimləmək, mövcud dostluq və qardaşlıq münasibətlərini gücləndirmək, əməkdaşlığı inkişaf etdirmək, iqtisadiyyatın inkişafına töhfə vermək barədə razılığa gəlmişlər.
İclasda ötən ilin noyabrında Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişə də baxılmışdır. Qeyd olunmuşdur ki, bu Saziş hazırlanarkən hər iki ölkədə pensiya təminatı sahəsindəki fərqli məsələlər də nəzərə alınmışdır.
Müzakirələrdən sonra hər iki saziş təsdiqlənməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.