İDMAN
Milli Paralimpiya Komitəsi ilə UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında əməkdaşlıq əlaqələri yaranır
Bakı, 21 avqust (AZƏRTAC). Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov UNİCEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Raşed Mustafa ilə görüşmüşdür.
MPK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə respublikada paralimpiya hərəkatı, bu sahəyə göstərilən dövlət qayğısı, sağlamlıq imkanları məhdud uşaqların paralimpiya hərəkatına cəlb olunması məqsədilə görülən işlər geniş müzakirə edilmişdir.
İ.Rəhimov sağlamlıq imkanları məhdud uşaqların paralimpiya hərəkatına cəlb olunması üçün MPK-a tərəfindən Uşaq Paralimpiya Hərəkatının təsis olunması barədə qərar qəbul edildiyini bildirmişdir. Qeyd etmişdir ki, həyata keçiriləcək bu layihə paralimpiya idman növləri üzrə ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, onların idman vasitəsilə reabilitasiyasına da xidmət edəcəkdir. Layihənin müvafiq QHT-lərlə birlikdə həyata keçirilməsi planlaşdırılır.
R.Mustafa layihənin həyata keçirilməsində maraqlı olduqlarını bildirərik qeyd etmişdir ki, nümayəndəlik bu sahədə MPK-a ilə əməkdaşlıq etməyə hazırdır.
Görüşdə Uşaq Paralimpiya Hərəkatının təsis edilməsi sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdur.