İDMAN
Milli Qurtuluş Günü münasibətilə Bakıdan Avropaya yürüşə çıxan azərbaycanlı baykerlər Vətənə qayıtmışlar
Bakı, 21 iyun (AZƏRTAC). Milli Qurtuluş Günü münasibətilə “Azərbaycanı Avropada tanıdaq!” devizi ilə Bakıdan Avropaya yürüşə çıxan və on min kilometr məsafəni motosikletlə qət edən “Harley Davidson Bakı” klubunun üzvləri iyunun 21-də Vətənə qayıtmışlar.
AZƏRTAC ANS TV-yə istinadla xəbər verir ki, ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin başçılıq etdiyi yeddi motosikletçidən ibarət yürüş iştirakçıları iyunun 20-də Gəncəyə çatmışlar.
Gəncədə əhali tərəfindən alqışlarla qarşılanan azərbaycanlı baykerlər Heydər Əliyev Mərkəzində olmuşlar.
Sonra yürüş iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstələri qoymuşlar.
Daha sonra baykerlər Gəncədəki “İmamzadə” dini kompleksini ziyarət etmişlər.
İyunun 21-də Bakıya çatan motoyürüş iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
“Harley Davidson Bakı” klubunun üzvləri Şəhidlər xiyabanda tanınmış telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin məzarı üzərinə əklil və tər çiçəklər qoymuşlar.