REGİONLAR
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir
Bakı, 22 yanvar, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin yanvarın 5-də başlayan imtahan sessiyası uğurla davam edir. MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, 17-22 yanvar tarixlərini əhatə edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 151 qrup üzrə 2790 tələbə, ümumilikdə, 211 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99,5 faiz olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.
Sözügedən imtahan günlərində magistratura səviyyəsində 23 qrup üzrə, ümumilikdə, 36 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100 faiz təşkil edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində “İmtahan Qərargahı”nın, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının çevik fəaliyyəti təmin olunub. Universitetin gənc əməkdaşlarından ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında yaxından iştirakı təmin edilib. Hər həftənin cümə axşamı keçirilən “Açıq qapı” günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırılır.
MDU-da payız semestrinin imtahan sessiyası fevralın 2-dək davam edəcək.