MƏDƏNİYYƏT
Mingəçevir şəhər Tarix Muzeyində 14 min 909 eksponat nümayiş etdirilir
Mingəçevir, 26 mart (AZƏRTAC). Mingəçevir şəhər Tarix Muzeyində nümayiş olunan eksponatların sayı ildən-ilə artırılır. Muzeyin direktoru Nofər Məmmədəliyev AZƏRTAC-a bildirmişdir ki, 1968-ci il yanvarın 11-də cəmi 50 eksponatla fəaliyyətə başlayan Mingəçevir şəhər Tarix Muzeyində hazırda 14 min 909 eksponat sərgilənir. Onun sözlərinə görə, 1946-53-cü illərdə görkəmli alim, arxeoloq Saleh Qaziyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış arxeoloji qazıntılar zamanı Eneolit dövründən başlayaraq (e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri özündə əks etdirən 20 minə qədər maddi-mədəniyyət nümunələri aşkarlanmışdır. Bunların arasında katakomba, taxta qutu və küp qəbrləri, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri olmuşdur.
Onlar tədqiqat üçün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna göndərilmişdir. Həmin maddi-mədəniyyət nümunələrindən yalnız 50 ədədi Mingəçevirdə eksponat kimi saxlanılmışdır. Bu əşyalar əsasında formalaşdırılan muzey sonrakı illərdə daha da genişlənmişdir. Hazırda muzeydə Mingəçevir ərazisinin qədim flora və faunasını aks etdirən ekspozisiyalar, 1946-53-cü illərdə aparılmış arxeloji qazıntı işləri zamanı çəkilmiş foto-şəkillər, Mingəçevir İES-in tikilməsi ilə bağlı foto-şəkillər, XIX-XX əsrə aid təsərrüfat və məişət qabları, həmin dövrə aid Azərbaycan qadını və kişisinin milli geyimləri maraq doğurur. Muzeyin müasir Mingəçevir şöbəsində isə XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının yaranması tarixindən indiyə qədərki ictimai-siyasi hadisələri əks etdirən ekspozisiyalar da diqqəti cəlb edir. Muzeydə 20 Yanvar və Xocalı faciələrinə aid materiallar da nümayiş olunur.
Muzeyin əməkdaşları vətəndaşlarla mütəmadi olaraq əlaqə saxlayır, maarifləndirmə işləri aparır və bu əməkdaşlığın nəticəsində onlar evlərində saxladıqları qədim əşyaları könüllü olaraq təqdim edirlər. Muzey bu yolla ötən il 140 ədəd qədim eksponat əldə edə bilmişdir. Bundan əlavə son bir ildə muzeydə 11 tədbir keçirilmiş, 27 mühazirə oxunmuş, 19 sərgi təşkil olunmuşdur. Hər il noyabrın 11-də şəhərin ad günü ilə bağlı Heydər Əliyev Meydanında muzeyin səyyar sərgisi təşkil edilir. Muzeydə məktəblilər üçün tez-tez tarix dərsləri təşkil olunur. Muzeyin nəzdində ölkəmizdə ilk dəfə olaraq "Şəhidlərin xatirə muzeyi" yaradılmışdır. Yaşayış binasının birinci mərtəbəsində yerləşən muzey üçün yaxın vaxtlarda yeni inzibati binanın inşası nəzərdə tutulur.
Son illər muzeyi ziyarət edənlərin sayının xeyli artdığını qeyd edən Nofər Məmmədəliyev bildirmişdir ki, muzeyə gələnlər arasında ətraf rayonların sakinləri, eləcə də şəhərə gələn gələn yerli və xarici turistlər çoxluq təşkil edir.