ELM VƏ TƏHSİL
MİNGƏÇEVİR TURİZM KOLLECİ ŞOTLANDİYANIN STEVENSON KOLLECİ İLƏ ƏMƏKDAŞLIQ EDİR
AZƏRTAC xəbər verir ki, Mingəçevir Turizm Kolleci Şotlandiyanın Edinburq şəhərindəki Stevenson Kolleci ilə əməkdaşlığa başlamışdır. Bu barədə razılıq Böyük Britaniyanın “British Council” təşkilatının həyata keçirdiyi “Cənub-şərqi Avropa ölkələrinin kollecləri arasında birgə əməkdaşlıq” layihəsi çərçivəsində əldə edilmişdir.
Razılaşmaya əsasən Mingəçevir Turizm Kolleci və Stevenson Kolleci tələbə-müəllim mübadiləsi, tədris proqramlarının təkmilləşdirilməsi, birgə mütəxəssis hazırlığı və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.
Bu yaxınlarda Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov və ingilis dili müəllimi Samirə Əhmədova Şotlandiyada səfərdə olmuşlar. Onlar Stevenson Kollecində tədrisin təşkili, təhsil ocağının maddi-texniki bazası ilə tanış olmuş, kollecin rəhbərliyi ilə görüşmüşlər.
Aprelin əvvəlində isə Stevenson Kollecinin nüməyəndə heyəti Mingəçevirdə səfərdə olacaqdır.