ELM VƏ TƏHSİL
Mingəçevirdə 811 məzun üçün “Son zəng” çalınmışdır
Mingəçevir, 1 iyun (AZƏRTAC). Mingəçevir şəhərinin orta ümumtəhsil məktəblərində “Məzun günü” mərasimləri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, həmin gün şəhərdə 811 məzun üçün məktəb həyatının “son”, müstəqil həyatın “ilk” zəngi çalınmışdır. Onbirincilərin şərəfinə məktəblərdə keçirilən bayram tədbirlərində şəhər icra hakimiyyətinin, təhsil şöbəsinin rəhbər şəxsləri, müəllimlər və valideynlər iştirak etmişlər.
Əllərində Azərbaycanın dövlət bayrağı olan məzunlar musiqi sədaları altında mərasim keçirilən yerə toplaşmış, dövlət himni səsləndirilmiş və üçrəngli bayrağımız səmaya qaldırılmışdır. “Əlvida doğma məktəb, salam müstəqil həyat”, “Heydər Əliyev işığında nurlu sabahlara doğru”, “Biz Heydər Əliyevin davamçısı olan gənclərik” adlı şüarlar, bədii özfəaliyyət kollektivlərinin çıxışındakı şən mahnılar, Vətənə sevgini, doğma məktəbə məhəbbəti tərənnüm edən şeirlər hamının ürəyincə olmuşdur. “Məktəb illəri” mahnısının səsləndirilməsi və son zəngin çalınması məzunların xatirəsində həmişə ən gözəl məqamlardan biri kimi qalacaqdır. Məzunlara bildirilmişdir ki, ötən il Mingəçevir şəhərinin abituriyentləri ali məktəblərə qəbulun səviyyəsinə görə respublikada ön sıralardan birini tutmuşlar. Bu nailiyyəti daha da artırmaq üçün məzunlardan yüksək əzmkarlıq tələb olunmuşdur. Bayram tədbirində birinci və on birinci sinif şagirdləri bir-birlərinə gül dəstələri və hədiyyələr təqdim etmişlər.