İDMAN
Mingəçevirdə vaterpolo üzrə beynəlxalq turnir keçiriləcəkdir
Bakı, 6 may (AzərTAC) Mayın 7-9-da Mingəçevirin “Kür” İdman-Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş vaterpolo üzrə beynəlxalq turnir keçiriləcəkdir.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin AZƏRTAC-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunacaq yarışda Azərbaycan və Gürcüstan milli yığma komandaları, həmçinin Rusiya və Belarusdan komandalar iştirak edəcək.
Qeyd edək ki, bu turnir son illər ərzində vaterpolo üzrə ölkəmizdə təşkil olunan ən iri yarışdır və bundan sonra o, ənənəvi xarakter daşıyacaq. İştirakçıların ölkəmizdə qəbulu və yerləşdirilməsi ilə bağlı bütün xərclər Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən ödəniləcək, qaliblər və mükafatçılar isə Azərbaycan Üzgüçülük Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən medallar, fəxri diplomla təltif olunacaqlar.