CƏMİYYƏT
Minifutbol üzrə Avropa çempionu olmuş milli komandamızın üzvünə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal təqdim edilib
Bakı, 17 iyun, AZƏRTAC
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvü, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Asif Zeynalovla görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, minifutbol üzrə Azərbaycan milli komandasının üzvünü fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun adından təbrik edən E.Mirzəyev komandamızın çempion olmasının əhəmiyyətindən və əldə olunan tarixi uğurdan danışıb.
Ölkəmizdə hazırda idmana olan diqqət və qayğıdan bəhs edən nazir müavini Azərbaycanda idmanın inkişafının hələ ulu öndər Heydər Əliyev tərəfindən dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini vurğulayıb. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin qayğısı nəticəsində Azərbaycan idmançılarının yüksək zirvələr fəth etdiyini, nüfuzlu beynəlxalq yarışlarda böyük qələbələrə imza atdığını xatırladan E.Mirzəyev minifutbol üzrə milli komandamızın bu tarixi uğurunu həmin mütərəqqi siyasətin parlaq təzahürü kimi qiymətləndirib.
Sonra nazir müavini Etibar Mirzəyev minifutbol üzrə Avropa çempionu olmuş milli komandamızın üzvü, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Asif Zeynalova fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə verilmiş “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını təqdim edib.