SİYASƏT
MİNSKDƏ MDB MİLLİ İNFORMASİYA AGENTLİKLƏRİNİN RƏHBƏRLƏRİ ŞURASININ X İCLASI OLMUŞDUR
ŞURANIN NÖVBƏTİ İCLASI 2010-CU İL MARTIN ƏVVƏLİNDƏ BAKIDA KEÇİRİLƏCƏKDİR
Minsk, 24 noyabr (AZƏRTAC). Noyabrın 23-24-də Belarusun paytaxtında Müstəqil Dövlətlər Birliyi Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının X iclası keçirilmişdir.
Belarus, Qazaxıstan, Rusiya Federasiyası, Ukrayna, Tacikistan və Ermənistan nümayəndə heyətlərinin qatıldıqları tədbirdə Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və agentliyin xarici dillərdə informasiya baş redaksiyasının baş redaktoru Nazim Xıdırov iştirak etmişlər.
Noyabrın 23-də MDB-nin Minskdəki qərargahında işə başlamış iclası şuranın sədri, İTAR-TASS-ın Baş direktoru Vitali İqnatenko açmışdır.
MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun iclasda çıxış etmişdir.
İclasda MDB üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Alyansının (ANİA) portalının yaradılması məsələsi müzakirə olunaraq, onun gələn ilin əvvəlində hazırlanması barədə qərar qəbul edilmişdir. Bundan başqa, xəbər agentliklərinin rəhbərləri iclasda Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş fotomüsabiqənin keçirilməsi və təqvimin nəşri, MDB üzvü olan dövlətlərin informasiya agentlikləri üçün jurnalist kadrlarının hazırlanması məsələlərini müzakirə etmişlər.
Aslan Aslanov çıxış edərək, MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasının AZƏRTAC-ın 90 illiyi ilə əlaqədar 2010-cu il martın əvvəlində Bakıda keçirilməsi təklifini irəli sürmüşdür. Təklif qəbul edilmişdir.
İclas iştirakçıları Belarus paytaxtında bır sıra görüşlər də keçirmişlər. Onlar Belarus Dövlət Universitetinin Jurnalistika İnstitutunun tələbə və müəllimləri ilə görüşmüş, Belarus Milli Kitabxanasında olmuşlar.
Noyabrın 24-də Belarus Prezidenti Aleksandr Lukaşenko iclasda iştirak edən milli informasiya agentliklərinin rəhbərlərini qəbul etmişdir.
Belarus Prezidenti kütləvi informasiya vasitələrinin xalqlar arasında münasibətlərin yaranmasında və möhkəmlənməsində vacib rol oynadığını vurğulamışdır.
Minskdə keçirilən iclasın əhəmiyyətini qeyd edən A.Lukaşenko bildirmişdir ki, bu cür tədbirlər MDB-nin üzvü olan ölkələr arasında əlaqələrin inkişafına müsbət təsir göstərir.
Belarus dövlətinin başçısı Azərbaycan ilə Belarus arasında sıx əlaqələrin, Prezident İlham Əliyev ilə səmimi münasibətlərinin olduğunu xüsusi qeyd etmişdir. A.Lukaşenko ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.