İQTİSADİYYAT
Minskdə “MDB-nin iqtisadi inkişafı işgüzar mərkəzi”nin yığıncağı keçiriləcəkdir
Bakı, 11 dekabr (AZƏRTAC). Dekabrın 13-də Minskdə “MDB-nin iqtisadi inkişafı işgüzar mərkəzi” qeyri-kommersiya tərəfdaşlığının yığıncağı keçiriləcəkdir.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yığıncaq iştirakçıları “MDB-nin iqtisadi inkişafı işgüzar mərkəzi” Fondunun yaradılması ilə əlaqədar məsələləri müzakirə edəcəklər. Fondun fəaliyyəti MDB üzvü olan dövlətlərin əməkdaşlığının inkişafına və dərinləşməsinə, bu dövlətlərin ekspert, elmi və sahibkarlıq birliklərinin dəstəklənməsinə yönələcəkdir.
MDB İşgüzar Mərkəzinin əsas məqsədi MDB üzvü olan dövlətlərin iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına və inkişafına kömək etməkdən ibarətdir. Məsələn, 2005-ci ildə MDB İşgüzar Mərkəzinin təşəbbüsü ilə Rusiya Federasiyasının və MDB-nin üzvü olan digər ölkələrin ərazisində sahibkarların, ictimai təşkilatların və vətəndaşların qarşılıqlı hüquqi fəaliyyəti və qarşılıqlı faydalı əməkdaşlığı üçün “YurSodrujestvo” hüquq firması yaradılmışdır. 2006-cı ildə “MDB-nin Maliyyə-Bank Şurası” və MDB-nin Müstəqil Ekspertlər İttifaqı təsis edilmişdir.
İşgüzar mərkəzin təşəbbüsü ilə “MDB-nin biznes lideri” adlı illik ictimai mükafat təsis edilmişdir. Bu mükafat MDB üzvü olan dövlətlərin il ərzində MDB-də inteqrasiya proseslərinin inkişafına sanballı töhfə vermiş müəssisələrinə, təşkilatlarına və fiziki şəxslərə verilir.
MDB-nin iqtisadi inkişafı işgüzar mərkəzinin nəzdində Dərman Vasitələrinin Dövriyyəsi Məsələləri üzrə Komitə, habelə Modernləşmə və İnnovasiyalar üzrə Komitə fəaliyyət göstərir.
MDB-nin işgüzar mərkəzləri Belarusda, Ukraynada və Moldovada açılmışdır.