QAN YADDAŞI
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Qubada “Tarixin bir günü” mövzusunda seminar keçirmişdir
Bakı, 31 mart (AZƏRTAC). “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Quba Özəl Türk Liseyində “Tarixin bir günü” mövzusunda seminar keçirmişdir.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, seminarın keçirilməsində məqsəd 1918-ci ilin mart-aprel aylarında baş verən soyqırımı haqqında iştirakçılara, xüsusilə də liseyin şagirdlərinə, yeniyetmə və gənclərə məlumat vermək olmuşdur.
Seminarı açan Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu qonaqlara rəhbərlik etdiyi tədris ocağı barədə məlumat vermişdir.
“Miras” İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək seminar iştirakçılarına 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının tarixindən danışmışdır. O, Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Qarabağda, Naxçıvanda, İrəvanda, Cənubi Azərbaycanda və azərbaycanlıların məskunlaşdıqları digər bölgələrdə kütləvi qırğınların törədilməsindən söhbət açmışdır. Natiq, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə soyqırımını təsdiq edən sənədləri üzə çıxaran Fövqəladə Təhqiqat Komissiyasının işindən, Qafqaz İslam Ordusuna dair sənədlərdə soyqırımı faktlarının olmasından, ulu öndər Heydər Əliyevin Fərmanı ilə 31 martın - Azərbaycanlıların Soyqırımı Günü elan edilməsindən, Qubada aşkar edilən kütləvi məzarlıqda soyqırımı izlərindən bəhs etmişdir.
Sonra Birliyin sədr müavini Arzu Soltan tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində İB-nin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat vermişdir.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılmışdır.
Tədbir iştirakçıları Quba soyqırımı məzarlığını ziyarət etmişlər.