MƏDƏNİYYƏT
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Təbiət inciləri” mövzusunda fotosərgi təşkil edəcəkdir
Bakı, 18 may (AZƏRTAC). “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Təbiət inciləri” mövzusunda fotosərgi təşkil edəcəkdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, sərgi iyunun 5-də Ümumdünya ətraf mühitin mühafizəsi günü münasibətilə məktəblilər arasında keçiriləcəkdir. Fotosərgidə peşəkar münsiflər heyəti tərəfindən seçilmiş işlər nümayiş olunacaqdır. Sərgiyə Azərbaycanın təbiət abidələri, ölkəmizin təbiət mənzərələri, insan və təbiət, bədii fotoqrafiya mövzularında işlər təqdim edilə bilər.
Fotosərginin şərtlərinə əsasən təqdim edilən işlərin müəllifi haqqında qısa məlumat olmalı, fotonun çəkildiyi yer qeyd edilməli, təsvir olunan obyekt haqqında qısa məlumat verilməlidir. Təqdim edilən işin həm elektron, həm də çap olunmuş variantı İctimai Birliyə göndərilməlidir. Fotoların ölçüsü qısa tərəf 210 mm, uzunluğu fantaziyaya görə müəyyənləşdirilməli, keyfiyyəti 300 dpi olmalıdır.
Fotosərgidə iştirak etmək istəyənlər işlərini mayın 20-dək İctimai Birliyə təqdim etməlidirlər. İştirakçı, həmçinin blankı doldurub “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinə verməlidir.
Sərgidə iştirak etmək istəyənlər MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin ünvanına (Bakı şəhəri, Əhməd Cavad küçəsi, 15, City Center, 3-cü mərtəbə) müraciət edə bilərlər.
Əlaqə telefonu: 012 - 408 - 92 - 25, Email:[email protected]