MƏDƏNİYYƏT
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi qeyd edilmişdir
Bakı, 30 iyun (AZƏRTAC). İyunun 30-da M.F.Axundzadə bağında Nərimanov Rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə böyük mütəfəkkir, dramaturq, materialist filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi, Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ədibin bağda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 13 aprel tarixli Sərəncamına uyğun olaraq keçirilən tədbirdə ədibin həyat və yaradıcılığı haqqında məlumat verilmiş, onun Azərbaycan dramaturgiyasının inkişafındakı rolu vurğulanmışdır.
Mərasimdə məktəblilərin ifasında ədibin yaradıcılığından nümunələr səsləndirilmiş, “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyasından səhnəciklər göstərilmişdir.
Tədbir paytaxt sakinləri tərəfindən maraqla qarşılanmışdır.