SİYASƏT
Misir mətbuatı Prezident İlham Əliyevin Ərəb Liqasının Baş katibini qəbul etməsi barədə materiallar yayımlayıb
Qahirə, 17 iyun, AZƏRTAC
Misirin “Youm7” və “Əl Diplomasi” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyti qəbul etməsi barədə materiallar yayımlayıb.
AZƏRTAC-a istinadla yayımlanan xəbərlərdə qeyd olunub ki, Prezident İlham Əliyev tarixən Azərbaycanın ərəb dövlətləri ilə sıx əlaqələrə malik olduğunu, ölkələrimizin ortaq dini dəyərlər və tarix əsasında bir-birinə bağlı olduğunu bildirib. Dövlətimizin başçısı 2007-ci ildə Ərəb Dövlətləri Liqasının Baş Qərargahına səfərini və oradakı görüşlərini xatırladıb.
Əhməd Əbul Qeyt Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, ölkəmizdə və paytaxt Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını deyib. Qonaq Azərbaycanın əldə etdiyi nailiyyətlərin məhz dövlətimizin başçısı tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olduğunu vurğulayıb. Qlobal Bakı Forumunda iştirakdan məmnunluğunu bildirən Əhməd Əbul Qeyt Forumun aktual mövzuya həsr olunduğunu və tədbir çərçivəsində maraqlı müzakirələrin aparıldığını qeyd edib.
Sonda diqqətə çatdırılıb ki, Əhməd Əbul Qeyt Ərəb Dövlətləri Liqası adından dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə