DÜNYA
Misir prezidenti ölkənin bütün siyasi qüvvələrini milli həmrəyliyə çağırmışdır
Qahirə, 27 iyun (AZƏRTAC). Misir prezidenti Məhəmməd Mürsi iyunun 30-da, özünün andiçmə mərasiminin ildönümü günündə müxalifətin planlaşdırdığı kütləvi etiraz aksiyasından əvvəl dövlət televiziyasının birbaşa efirində ölkə vətəndaşlarına müraciət edərək Misir cəmiyyətində sülhün bərpa edilməsi və həmrəylik naminə səyləri birləşdirməyə çağırmışdır.
M.Mürsinin çıxışı iki saatdan çox davam etmişdir. O, dövlət başçısı vəzifəsində bir illik fəaliyyətinə yekun vurmuş, ölkədə siyasi və iqtisadi dəyişikliklər barəsində öz fikirlərini izah etmişdir. Prezident etiraf etmişdir ki, bütün insanlar kimi o da bəzən öz işində səhvlərə yol verir.
Məhəmməd Mürsi ali milli həmrəylik komissiyasının yaradıldığını elan etmiş və Misirin bütün siyasi qüvvələrini həmin komissiyanın işində iştirak etməyə çağırmışdır. Onun sözlərinə görə, ali milli həmrəylik komissiyası ölkə konstitusiyasına düzəlişlərin müzakirə edilməsi üçün yaradılacaqdır.
Prezident ölüsoyanlara qarşı mübarizə üzrə xüsusi komitə və müvafiq bölmə yaradılması barədə ölkənin daxili işlər nazirinə tapşırıq vermişdir.
M.Mürsi xüsusi vurğulamışdır ki, Misir cəmiyyətində qütbləşmə demokratiyaya təhlükəli səviyyəyə çatmışdır. Bu, ölkədə hərc-mərcliyə, cəmiyyətin iflic vəziyyətə düşməsinə səbəb ola bilər. Məhəmməd Mürsi demişdir: “Misirdə inqilabın məqsədlərinə nail olmağa kömək edəcək əsaslı dəyişikliklər aparılmalıdır. Lakin bunun üçün cəmiyyətdə həmrəylik, ölkənin bütün siyasi qüvvələri arasında dialoq lazımdır”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə