SİYASƏT
Misirdə 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir
Qahirə, 26 may (AZƏRTAC). Azərbaycanın Misirdəki səfirliyində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Misirin ictimai-siyasi xadimləri, işgüzar və elmi dairələrin təmsilçiləri, jurnalistlər, Qahirə, Ayn-Şəms və Əl-Əzhər universitetlərinin tələbələri, Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən səfir Şahin Abdullayev müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məlumat vermişdir.
SSRİ-nin dağılmasından sonra AXC-nin legitim varisi kimi Azərbaycan Respublikasının yenidən öz müstəqilliyinə qovuşduğunu deyən səfir müstəqilliyin ilk dövrləri üçün mövcud olan təhdidlər, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs etmiş, Azərbaycanın bu çətinliklərdən uğurla keçdiyini və demokratik inkişaf yoluna qədəm qoyduğunu vurğulamışdır.
İyirmi üç illik müstəqillik dövründə Azərbaycanda ümumi daxili məhsulun həcminin bir neçə dəfə artdığını, ölkəmizin orta gəlirli və potensial sərmayəçi dövlətə çevrildiyini qeyd edən səfir Azərbaycanın qarşıya inkişaf etmiş dövlət statusunu əldə etmək kimi strateji məqsəd qoyduğunu bildirmişdir.
Azərbaycanın xarici siyasətindən danışan Ş.Abdullayev BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi respublikamızın regionda və onun hüdudlarından kənarda beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa verdiyi töhfələri diqqətə çatdırmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə