MƏDƏNİYYƏT
Misirdə dörd yeni kurort yaradılacaq
Bakı, 14 mart (AZƏRTAC). Yaxın gələcəkdə Qırmızı dənizin Misir sahillərində Cənubi Maqaviş, Şarm-əl-Fukari, Qamşa və Marsa-Uazar adlanan dörd yeni kurort yaradılacaq və beləliklə, Piramidalar ölkəsinin “çimərlik menyusu” daha da rəngarəng olacaqdır.
Misir hökumətinin hazırladığı layihədə bu turizm mərkəzləri vahid şəhər şəklində birləşdirilməsi nəzərdə tutulur, lakin həmin kurortların birləşdirilməsi çox ehtimal ki, tezliklə olmayacaq.
Xurqada aeroportundan təxminən 12 kilometr məsafədə yerləşəcək Cənubi Maqaviş kurortunun ərazisi 4500 kvadratkilometr olacaqdır. Burada rekreasiya-idman turizminin inkişafı üzrə layihə həyata keçiriləcəkdir.
Ümumi sahəsi 5000 kvadrat kilometr olacaq Şarm-əl-Fukari kurortu Marsa-Aləm şəhərindən 45 kilometr məsafədə yaradılacaqdır. Gələcək kurort “Vadi-əl-Himal” və “Elba dağı” adlanan təbii parkların yaxınlığında yerləşəcəkdir.
Səyahət həvəskarları Qamşa və Marsa-Uazarın imkanlarını layiqincə qiymətləndirməlidirlər. Buradakı sahilyanı suların altında zəngin mərcan rifləri gizlənir. Qamşa Xurqada aeroportundan təqribən 50 kilometr aralıda, Marsa-Uazar kurortu isə Marsa-Aləm şəhərindən 29 məsafədə yerləşəcəkdir. Bunlardan birincisinin ərazisi 4900, ikincisinin sahəsi isə 3900 kvadratkilometr olacaqdır.
Layihəyə əsasən yeni turizm mərkəzlərində müxtəlif kateoriyalı otellər, kotteclər tikiləcək, parklar salınacaq, spa-mərkəzlər, konfrans zalları və digər obyektlər yaradılacaqdır. Gözlənildiyinə görə, yeni kurort layihələri həm sərmayədarlar, həm də Misirdə öz kotteclərində istirahət etmək arzusunda olan turistlər tərəfindən maraqla qarılanacaqdır.