DÜNYA
Misirdə kütləvi aksiyalar davam edir
Bakı, 28 noyabr (AZƏRTAC). Misirin bir neçə şəhərində prezident Məhəmməd Mursinin elan etdiyi yeni konstitusiya bəyannaməsinin tərəfdarları və əleyhdarları arasında qarşıdurmalar baş vermişdir.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, tərəflər bir-birlərinə daş və yandırıcı maddələr atmışlar. Nəticədə 400-ə yaxın adam yaralanmışdır.
Bundan əlavə, Əl-Mənsurə şəhərində etirazçılar hakim Azadlıq və Ədalət Partiyasının qərargahını yandırmağa cəhd göstəriblər. Qarşıdurma çox sayda insanın yaralanmasına səbəb olmuşdur. Bundan əlavə, minlərlə misirli Qahirə şəhərinin “Təhrir” meydanında yeni konstitusiya bəyannaməsi ləğv edilənədək etiraz aksiyasına başlamışlar. Aksiyaçıların qarşısını almaq üçün çox sayda polis səfərbər olunmuşdur. Etirazçılar hakimiyyətin devrilməsini tələb edən şüarlar səsləndirmişlər.
Qeyd edək ki, Məhəmməd Mursi yeni konstitusiya bəyannaməsində prezidentə verilən müstəsna səlahiyyətləri ləğv etməkdən imtina etmişdir. Onun sözlərinə görə, bu səlahiyyətlər müvəqqəti xarakter daşıyır və yalnız yeni konstitusiyanın qəbulu və xalq məclisinin seçilməsinə qədər qüvvədə qalacaqdır.
Misirin prezident administrasiyasından verilən məlumata görə, administrasiyanın iki üzvü vəzifələrindən istefa vermişdir.
Kütləvi aksiyalar davam edir.