DÜNYA
Mister Bin qəzaya uğramış “McLaren F1” üçün 1,4 milyon dollar alacaqdır
Bakı, 9 fevral (AZƏRTAC). Daha çox Mister Bin kimi tanınan aktyor Roy Atkinson Böyük Britaniya üçün rekord məbləğdə - 910 min funt sterlinq (1 milyon 430 min dollar) sığorta təzminatı alacaqdır. Bu, əvvəllər ödənilmiş ən yüksək məbləğdən təxminən 3 dəfə çoxdur. Həmin məbləğ komik aktyorun hesabına sahibi olduğu “McLaren” superkarının (idman avtomobilinin) qəzada əzilməsi səbəbilə köçürüləcəkdir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, adının gizli qalmasını istəyən sığorta şirkəti əvvəlcə Atkinsona 640 min funt sterlinq təzminat ödəməyi nəzərdə tutubmuş. Belə ki, aktyor 1997-ci ildə məhz həmin maşını bu qədər məbləğə əldə etmişdi. Lakin sonradan bu fikirdən daşınmaq qərara alınmışdır. Belə ki, satın alındığı vaxtdan bəri avtomobilin bazar qiyməti, demək olar ki, altı dəfə artaraq 3,5 milyon funt sterlinqə (5,5 milyon dollara) çatmışdır.
“McLaren F1”-in təmiri bir ildən çox çəkmişdir. Maşının bərpası ilə bilavasitə istehsalçının mütəxəssisləri məşğul olmuşlar.
Atkinson “McLAren F1” ilə 2011-ci ilin avqustunda qəzaya uğramışdı. Polisin verdiyi məlumata görə, yaş yolda aktyor idarəetməni itirib və maşın yoldan çıxaraq işıq dirəyinə və ağaca çırpılmışdı. Toqquşmadan sonra superkar alışaraq yanmış, Atkinson isə çiynindən aldığı yüngül zədə ilə canını qurtara bilmişdi.