İDMAN
Mixail Şumaxerin xəstəxanadan oğurlanmış xəstəlik tarixçəsini satmağa çalışırlar
Bakı, 24 iyun (AZƏRTAC). Yeddiqat dünya çempionu Mixail Şumaxerin xəstəlik tarixçəsi Qrenobl xəstəxanasından oğurlanmışdır. “Formula-1” yarışlarının keçmiş pilotu yarım ildən çox müddət ərzində həmin xəstəxanada koma vəziyyətdə yatmışdır. Xəstəlik tarixçəsini oğurlayan cinayətkar buradakı məlumatları KİV-lərə satmaq niyyətindədir.
Şumaxerin meneceri Sabina Kem demişdir: “Bu, çox qorxunc və iyrənc hadisədir. Mən israrla həmin sənədləri almamağı, xüsusən də, dərc etməməyi tövsiyə edirəm. Biz buna mane olmaq üçün mümkün olan bütün yollardan istifadə edəcəyik”.
Polis cinayətkarı hələlik aşkar edə bilməmişdir. Almaniya, Fransa və Britaniya KİV-ləri yazır ki, sənədləri 50 min avroya almaq barədə təklif almışlar.
S.Kem demişdir: “Belə sənədləri almaq və dərc etmək qadağandır. Kim bu xəbərdarlığa məhəl qoymasa, biz ona qarşı hüquqi xarakterli bütün tədbirləri görəcəyik. Oğurluq faktı müəyyən olunmuşdur və artıq hakimiyyət orqanları bu barədə məlumatlandırılmışdır”.
Koma vəziyyətindən çıxan M.Şumaxer hazırda Qrenobldan Lozannadakı reabilitasiya mərkəzinə aparılmışdır.
M. Şumaxer 2013-cü il dekabrın 29-da Fransada, Alp dağlarında xizək sürən zaman başından travma almışdır. Qrenobl Universitetinin hospitalında iki dəfə əməliyyat olunmuş və həmin vaxtdan etibarən burada süni koma vəziyyətində saxlanılmışdır. Aprel ayında onun vəziyyətində müəyyən irəliləyiş müşahidə olunmuşdur: komadan ayılma fazalarının müddəti getdikcə uzanmış, xəstə səslər eşitməyə və ona toxunanda hiss etməyə başlamışdır. İyunun 16-da Şumaxerin meneceri onun komadan çıxdığını elan etmişdir.