SİYASƏT
Moldova portalı AZƏRTAC-ın xüsusi müxbirinin ulu öndər Heydər Əliyev haqqında məqaləsini dərc edib
Bakı, 12 dekabr, AZƏRTAC
Moldovanın tanınmış “tribuna.md” xəbər portalında AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı məqaləsi dərc edilib.
“Dahi lider Heydər Əliyev - böyük məktəb, ensiklopediya” sərlövhəli məqalədə müəllif Ulu Öndərin Azərbaycana rəhbərliyi dövrünün ölkənin inkişafının ən şanlı səhifələrindən olduğunu vurğulayır. Qeyd edir ki, Azərbaycanın vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə Ulu Öndər xalqın təkidi ilə hakimiyyətə qayıdaraq böyük fəlakətin qarşısını alıb.
Məqalədə bildirilir ki, müasir Azərbaycanın dirçəlişində yeni mərhələnin banisi olan Heydər Əliyevin irsi zəngin və daim araşdırılan bir aləmdir. Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyini əbədi edəcək, xalqımızın xoşbəxt gələcəyə gedən yolunu daim işıqlandıracaq.
Müəllif qeyd edir ki, Ümummilli Liderin əsasını qoyduğu uzaqgörən və müdrik siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı ölkənin inkişafı üçün böyük işlər görür.
Yazıda, həmçinin bildirilir ki, Heydər Əliyev kimi lideri olduğuna görə çoxları Azərbaycana həsəd aparırdı. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, möhkəm iradəsi, zəngin siyasi təcrübəsi sayəsində Azərbaycan qlobal miqyasda özünəlayiq yer tutmağa nail oldu.