ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları bitkilər üzərində monitorinq keçiriblər
Bakı, 23 iyul, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi dosent Nərgiz Sultanova, kiçik elmi işçilər Nərgiz Bayramova və Aysel Mədədli Mərkəzi Nəbatat Bağının üzüm, tərəvəz və bostan bitkiləri əkilmiş təcrübə sahəsində monitorinq keçiriblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, monitorinqin əsas məqsədi bitkilərdə rast gəlinən əsas virus xəstəliklərinin tədqiqi olub. Bu məqsədlə ilkin olaraq bitkilər vizual diaqnostika edilib, yarpaqlarında saralma, qızarma, qıvrılma-burulma, nekroz ləkələr və s. simptomlar rast gəlinən bitkilərdən nümunələr toplanıb. Çöl tədqiqatları zamanı sözügedən ərazilərdən virus simptomları olan üzüm, pomidor, bibər, xiyar, yemiş, qarpız və s. bitkilərin yarpaqlarından nümunələr götürülüb.
Növbəti mərhələdə virusların növünü müəyyənləşdirmək məqsədilə bitkilər laborator şəraitdə seroloji və molekulyar diaqnostika ediləcəklər.