İQTİSADİYYAT
Moskva Metropoliteninin nümayəndə heyəti Bakı Metropolitenində olub
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 27-də “Moskva Metropoliteni” Dövlət Unitar Müəssisəsinin rəisi Dmitri Peqovun başçılıq etdiyi, tərkibinə rəis köməkçisi Dmitri Danilovun, işçi heyətinin peşə təmayülü, təlimi və inkişafı xidmətinin rəisi Pavel Kovalyovun daxil olduğu nümayəndə heyətinin Bakıya ikigünlük səfəri başlayıb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub.
Nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirələrini də yad ediblər.
Səfər proqramı çərçivəsində “Bakı Metropoliteni” QSC-də görüş keçirilib. Qonaqları səmimiyyətlə qarşılayan QSC sədri Zaur Hüseynov bu səfərin hər iki şəhərin yeraltı ictimai dəmir yol nəqliyyatı üçün faydalı olacağına əminliyini ifadə edib. Bildirib ki, keçmiş SSRİ şəhərlərinin metropolitenləri arasında sıx əlaqələr həm formalaşmış ənənələrin qorunması, həm də yeni inkişaf dövründə elmi-texniki tərəqqinin, yeniliklərin tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bakı metropoliteninin tarixindən söz açan “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, perspektivlərdən də danışıb, 2008-ci ildə metropolitenin perspektiv inkişaf sxeminin hazırlanması, 2011-ci ildə isə yeni sxemin və Dövlət proqramının təsdiq olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar, ötən müddət ərzində görülən işlər barədə məlumat verib. “Bakı Metropoliteni” və “Azərtunelmetrotikinti” səhmdar cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması barədə də məlumat verən Z.Hüseynov metropolitenə dövlət qayğısının ən yüksək səviyyədə olduğunu, ölkəmizdə hər il 8 noyabrın Metropoliten işçilərinin peşə bayramı günü kimi qeyd olunması barədə ölkə başçısının 2006-cı ildə sərəncam imzaladığını vurğulayıb.
Moskva metropoliteninin rəisi Dmitri Peqov dəvətə görə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə təşəkkürünü bildirib və bu səfərdən sonra işgüzar əlaqələrin, dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı əlaqələr, birgə layihələrin həyata keçirilməsi, mütəmadi fikir və təcrübə mübadiləsinin, işgüzar münasibətlərin dərinləşdirilməsi ətrafında müzakirələr aparılıb.
Sonra qonaqlar metropolitenin “Nərimanov” elektrik deposunda olublar. Onlara burada son illərdə görülən işlər, yaradılan iş şəraiti və texniki yeniliklər barədə ətraflı məlumat verilib. Həmçinin çoxfunksiyalı diaqnostika kompleksində qurulmuş şərait və xüsusi vaqonda tətbiq edilmiş yeniliklərə dair təqdimat olub. Bu sistemlərin Moskva metropolitenində də tətbiqi nəzərə alınaraq, əlaqələrin, təcrübə mübadiləsinin genişləndirilməsinin hər iki tərəfə səmərəsi barədə fikirlər səslənib.
Dmitri Peqovun başçılıq etdiyi nümayəndə heyəti metropolitenin təlim-tədris mərkəzinin qatar maşinistlərinin texniki kabinetində 81-760, 81-761,81-763 tipli qatarların tədris prosesinin yekunu olaraq keçirilən imtahanları da izləyib. Qeyd edək ki, tədris prosesi Moskva metropoliteninin işçi heyətinin peşə təmayülü, təlimi və inkişafı xidmətinin yaxından iştirakı ilə keçirilib.
İmtahanların yekununda kursu müvəffəqiyyətlə bitirənlərə müvafiq diplomlar və həmin qatarların idarə olunması hüququ verən sertifikatlar təqdim edilib.
Avqustun 28-də “Moskva metropoliteni” Dövlət Unitar Müəssisəsi nümayəndə heyətinin Bakı metropoliteni ilə tanışlığı davam edib. Qonaqlara metropolitenin qatar, enerji, eskalator, sanitar dispetçer mərkəzlərində ən müasir sistemlərin tətbiqi barədə məlumat verilərək, onların fəaliyyəti və iş xüsusiyyətləri nümayiş etdirilib.
Sonra nümayəndə heyəti qatarla metropoliten səyahətinə çıxıb. “İçərişəhər” stansiyasında onlara dövlətin dəstəyi sayəsində əsaslı yenidənqurma tədbirləri barədə məlumat verilib. ”Gənclik” və “Nəriman Nərimanov” stansiyasında olan qonaqlara cari təmir işləri, son dövrlərdə həyata keçirilən nümunəvi sosial layihələr barədə məlumat çatdırılıb. “Nizami” stansiyasında isə qonaqların diqqəti stansiyaların bir-birindən fərqli memarlıq xüsusiyyətləri ilə seçilməsinə, milli ornamentlərə üstünlük verilməsinə yönəldilib. Qeyd olunub ki, bu mənada Bakı metropoliteni özünəməxsusluğu ilə fərqlənir.
Nümayəndə heyəti Bakı metropoliteninin perspektiv inkişaf sxemi və Dövlət proqramına uyğun inşa edilən yeni “Bənövşəyi” xəttin şərti adı “Memar Əcəmi-2” olan stansiyasında da olub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu ildə metropolitenin perspektiv inkişafına həsr olunmuş geniş müşavirədə verdiyi tapşırıqlara əsasən, yeni xətlərdə dünya təcrübəsinin ən son texnoloji nailiyyətləri, xüsusən sərnişinlərin rahatlığı və təhlükəsizlik tələblərinin ən yüksək standartlarına cavab verən sistemlər, avadanlıqlar tətbiq olunur. Bu mənada hərəkətin təşkili və idarə olunmasında müasir CBTC, stansiya və şəbəkəyə nəzarətdə, həmçinin idarəetməsində SCADA sistemləri əsas götürülüb. Xətlərdə müasir sistemlərin tətbiq edildiyi və ən yüksək təhlükəsizlik standartlarına cavab verən qatarlar hərəkət edəcək.
Qeyd olunub ki, stansiyaların inşaatında da müasir texnologiyaların və üsulların tətbiqinə başlanılıb. Bakının yer quruluşunun mürəkkəb geoloji coğrafiyası şəraitində bu üsullar tikintini daha səmərəli aparmağa kömək edir. Bu sahədə də təcrübə mübadiləsinin, sahələrin, mütəxəssislərin mütəmadi əlaqələrinin vacibliyi qeyd edilərək, əməkdaşlığın genişləndirilməsi ilə bağlı söhbət aparılıb.
İkigünlük səfərdən məmnun qalan qonaqlar “Bakı Metropoliteni” QSC rəhbərliyinə təşəkkürünü bildirərək, əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni məcrada davam etdirilməsi məqsədilə bakılı həmkarlarını Moskva Metropoliteninə dəvət ediblər.