MƏDƏNİYYƏT
Moskvada “Azərbaycanın gənc musiqiçiləri beynəlxalq müsabiqələrin laureatlarıdır” adlı konsert olmuşdur
Moskva, 31 oktyabr (AZƏRTAC). P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov salonunda “Azərbaycanın gənc musiqiçiləri beynəlxalq müsabiqələrin laureatlarıdır” adlı konsert olmuşdur.
Azərbaycanın Rusiyadakı səfirliyinin təşkil etdiyi konserti Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın Xalq Artisti, professor Fərhad Bədəlbəyli aparmışdır.
Konsertdə M.Maqomayev adına Azərbaycan Dövlət Konservatoriyasının direktoru, tanınmış musiqiçi Murad Adıgözəlzadə (fortepiano), Nərgiz Kəngərli (fortepiano), Ümidə Abbasova (skripka), Nəzrin Zərbəliyeva (solo ifa), Bikə Axundova (fortepiano) çıxış etmişlər. Cahangir Cahagirovun “Ballada”, Tofiq Quliyevin “Qaytağı”, Qara Qarayevin “Skripka və fortepiano üçün 4 hissədən ibarət sonata”, Sergey Raxmaninovun “Yasəmən”, P.Axundovun “Fortepiano üçün 3 hissədən ibarət sonata”, Fikrət Əmirovun “Miniatürlər”, Vaqif Mustafazadənin “Düşüncə” və Fərhad Bədəlbəylinin “Dəniz” əsərləri ifa olunmuşdur.
Konsertdə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, gənclər və Moskva ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva