SİYASƏT
Moskvada azərbaycanlının qətlə yetirilməsi ilə əlaqədar Xoroşevo–Mnevniki rayon daxili işlər şöbəsinin bir sıra rəhbər işçiləri işdən azad edilmişdir
Moskva, 31 oktyabr (AZƏRTAC). Moskvada üç nəfər polis əməkdaşı və heç yerdə işləməyən bir şəxs saxlanılmışdır. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirmişdir ki, həmin şəxslər sentyabrın 5-dən 6-a keçən gecə Azərbaycan vətəndaşı olması güman edilən iyirmi iki yaşlı tanışlarını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinirlər. Onlar həmin şəxsə 80-ə yaxın bıçaq zərbəsi vurmuşlar.
Rusiya KİV-ləri xəbər verir ki, bu amansız qətlin qurbanının cəsədi sentyabrın 11-də Moskva vilayətinin Zaranski qəsəbəsinin meşə zolağında aşkar edilmişdir. İstintaq versiyasına görə cinayəti törədənlərin məqsədi qətlə yetirilən şəxsə məxsus olan BMW-530 avtomobilini ələ keçirmək, sonra isə satmaq olmuşdur.
Rusiya DİN Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirmişlər ki, şübhəli şəxslərin üçü post xidməti əməkdaşları olmuşlar. Bəzi KİV-lərdə yayılan məlumata görə, polis işçiləri bu cinayətin qurbanını onun qohumlarından bac almaq məqsədi ilə oğurlamışlar. Təsdiq edilməmiş məlumata görə, saxlanılmış şəxslər artıq etirafedici ifadələr vermişlər.
Onlar saxlanılandan dərhal sonra ehtimal edilən qatillərin bilavasitə rəhbərləri, DİN şöbəsinin bir sıra başqa vəzifəli şəxsləri, habelə Moskvanın Şimal-Qərb Dairəsi üzrə Daxili İşlər İdarəsinin rəisinin ictimai asayişin qorunması üzrə müavini işdən azad edilmişlər. Bir sıra polis əməkdaşı inzibati məsuliyyətə cəlb ediləcək, şöbənin şəxsi heyəti təkrar attestasiyadan keçiriləcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva