İDMAN
MOSKVADA “HEYDƏR ƏLİYEV KUBOKU” UĞRUNDA MİNİ FUTBOL TURNİRİ KEÇİRİLƏCƏKDİR
Moskva, 22 aprel (AZƏRTAC). Mayın 15-16-da Moskvanın “Lujniki” Olimpiya Kompleksində “Heydər Əliyev Kuboku” uğrunda mini futbol turniri keçiriləcəkdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsinə həsr olunmuş turnirdə Rusiya paytaxtının azərbaycanlılardan ibarət gənclər klubları iştirak edəcəklər. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təşkil etdiyi turnir ikinci dəfədir ki, keçirilir.
Turnir çərçivəsində komandalar qruplarda bir oyun keçirəcəklər. 1-ci və 2-ci yeri tutan komandalar turnirdə mübarizəni davam etdirəcəklər. Qrup oyunları mayın 15-də, həlledici oyunlar 16-da keçiriləcəkdir. 1-ci yer uğrunda final görüşü də həmin gün olacaqdır.
1-ci, 2-ci və 3-cü yerləri tutan bütün komandalara xüsusi mükafatlar veriləcəkdir. Turnirin yekunlarına görə müxtəlif nominasiyalarda əlavə mükafatlar da təqdim olunacaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva