MOSKVADA RAMAZAN ÇADIRI AÇILMIŞDIR
Moskva, 11 sentyabr (AZƏRTAC). Bu müqəddəs Ramazan ayında Moskvadakı "Poklonnaya Qora"da bütün dindarların iftar süfrəsi açması üçün Ramazan çadırı təşkil edilmişdir. Çadırın açılması ilə əlaqədar təntənəli mərasimdə çıxış edən Rusiya Müftilər Şurasının sədri Ravil Haynutdin demişdir: Biz Moskva torpağında, Vətənin müdafiəçilərinin memorialı yaxınlığında Ramazan çadırı açmaqla istəyirik ki, bu çadır çoxkonfessiyalı Rusiya cəmiyyətinin bütün üzvlərinə xeyir gətirsin.
Ramazan çadırının açılış mərasimində Rusiyanın ənənəvi konfessiyalarının nümayəndələri, müsəlman ölkələrinin Rusiyada akkreditə edilmiş səfirləri iştirak etmişlər.
Tədbirin təşkilatçıları qeyd etmişlər ki, qarşıdakı 10 gün müddətində Ramazan çadırında Rusiyanın müxtəlif müsəlman xalqlarının mədəni proqramları təşkil ediləcək, ehtiyacı olanlara yardım göstəriləcək, hər gün İftar süfrəsi açılacaqdır.
Qeyd etmək lazımdır ki, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) oruc tutan azərbaycanlı gənclərin nümayəndələrini müqəddəs Ramazan ayı ilə əlaqədar sentyabrın 15-də iftara dəvət etmişdir. İftar süfrəsi Rusiya Müftilər Şurası tərəfindən təşkil edilmiş bayram çadırında açılacaqdır. Azərbaycanlı gənclərin iştirak edəcəyi gecənin proqramına Azərbaycanın RF-dəki səfirliyi nümayəndələrinin müraciəti, ruhanilərin nümayəndəsinin müraciəti və müqəddəs Quran oxunması daxildir.
Asya Hacızadə
AZƏRTACı-n xüsusi müxbiri
Moskva