SİYASƏT
Moskvada Rusiya Prezidenti V.Putin ilə Türkiyənin Baş naziri R.T.Ərdoğan arasında Rusiya-Türkiyə danışıqları olmuşdur
Moskva, 18 iyul (AZƏRTAC). Bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putin ilə Rusiya dövlətinin başçısının dəvəti ilə Moskvaya gəlmiş Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar olmuşdur.
İkitərəfli danışıqlarda Rusiya-Türkiyə münasibətlərinin inkişafı məsələlərinə, habelə Suriyada vəziyyətin tənzimlənməsi də daxil olmaqla mühüm beynəlxalq və regional problemlərə dair geniş fikir mübadiləsi aparılmışdır.
Rusiya-Türkiyə danışıqları başa çatandan sonra iki dövlətin başçıları bütün istiqamətlər üzrə dövlətlərarası qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmişlər. yekun mətbuat konfransında Rusiya Prezidenti və Türkiyə Hökumətinin başçısı iqtisadi və energetika sahələrində, habelə Türkiyədə Atom Elektrik Stansiyası tikintisi sahəsində əməkdaşlığı davam etdirməyin, Türkiyənin ilk süni peykini Rusiya ilə birlikdə orbitə çıxarmağın vacibliyini vurğulamışlar. Tərəflər turizm sahəsində uğurlu qarşılıqlı əlaqələri və iki ölkə arasında əmtəə dövriyyəsini artırmağın zəruriliyini xüsusi qeyd etmişlər.
RF Prezidenti Vladimir Putin bildirmişdir ki, Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının ali səviyyədə üçüncü iclası bu ilin payızında Türkiyədə keçiriləcəkdir.
R.T.Ərdoğan və V.V.Putin Suriyada vəziyyətin siyasi yolla tənzimlənməsi məsələsini də şərh etmişlər. R.Ərdoğan demişdir: “Türkiyə Suriyanın ərazi bütövlüyünün, Suriya xalqının iradəsinin təntənəsinin, habelə dinc suriyalılar üzərində zorakılığa son qoyulmasının tərəfdarıdır”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva