DÜNYA
Moskvada sovet dövrünün yolka bəzəklərinin “Yeni il nağılı” adlı sərgisi keçiriləcəkdir
Bakı, 17 dekabr (AZƏRTAC). Moskvada keçiriləcək sərgidə sovet dövründə yeni il yolkasının necə bəzədildiyini görmək mümkün olacaqdır. Dekabrın 20-də “Kolomenskoye” muzey-qoruğunda, çar Aleksey Mixayloviç Sarayının sərgi salonlarında “Yeni il nağılı” sərgisinin təqdimatı keçiriləcəkdir.
Muzey-qoruğun mətbuat xidmətindən bildirmişlər ki, sərgidə xüsusi kolleksiyalardan 1930-1960-cı illərin 500-dən çox əşyası - şüşədən, pambıqdan, kartondan hazırlanmış yolka oyuncaqları, karnaval kostyumları, maskalar, yeni il bayramı plakatları, uşaqların yeni il şənliklərində, ailələrdə yeni ilin bayram edilməsi, yeni il gəzintiləri zamanı çəkilmiş fotoşəkillər nümayiş etdiriləcəkdir. Tamaşaçılar burada nadir oyuncaqlar - Puşkinin “Çar Soltan haqqında nağıl”, “Balıqçı və balıq haqqında nağıl”, “Qızıl xoruz”, Çukovskinin “Doktor Aybolit”, Canni Rodarinin “Çippolino” nağıllarının, rus xalq nağıllarının qəhrəmanlarını, habelə uşaq, kloun, heyvan, balıq və quş fiqurlarını görəcəklər. “Soyuzmultfilm”in iştirakı ilə hazırlanmış sərgi fevralın 24-dək davam edəcəkdir.
1920-ci ilin ortalarında sovet ölkəsində milad və yeni ilin bayram edilməsi qadağan olunmuşdu, buna görə yolka bəzəməyə icazə yox idi. Yolkanın “geri qayıtması” 1930-cu illərin ikinci yarısına təsadüf edir: 1935-ci il dekabrın 28-də “Pravda” qəzetində Pavel Postışevin “Gəlin, yeni ilə uşaqlarımız üçün yaxşı yolka quraq!” məqaləsi dərc olundu. Sovet yolka oyuncağı erası 1936-cı ildən başlanır. 1937-ci ilin yanvarında İttifaqlar Evinin Sütunlu salonunda ölkənin 10 min oyuncaqla bəzədilmiş və hündürlüyü 15 metr olan baş yolkası quruldu.
Yolka oyuncaqları müxtəlif materiallardan hazırlanırdı. Pambıq, karton oyuncaqlar daha çox yayılmışdı. Məktəblərdə və uşaq bağçalarında keçirilən yeni il şənliklərində yolkaları ucuz, ən başlıcası isə sınmayan oyuncaqlarla bəzəyirdilər. 1960-cı illərin ortalarından Sovet İttifaqında yolka oyuncaqlarının kustar və yarımkustar istehsalına son qoyuldu və onların kütləvi istehsalı başlandı ki, bu da yolkaların tərtibatına vahid görünüş verdi və sovet yolka oyuncağı unikal fenomen kimi öz mövcudluğunu itirdi.