İQTİSADİYYAT
“Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” mövzusunda distant təlim keçirilmişdir
Bakı, 9 aprel (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin (İİN) dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə distant təlimlərin keçirilməsinə başlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ilk belə distant təlim “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” mövzusunda keçirilmişdir.
İİN əməkdaşlarının apardıqları treninqdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 30-dan çox sahibkar və menecer iştirak etmişdir.
Təlimdə Avropa İttifaqına (Aİ) ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Aİ-nin “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramının (“GSP+”) əsas xüsusiyyətləri, onun biznes üçün potensial faydası barədə ətraflı məlumat verilmişdir.
Distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.az saytının elanlar bölməsində yerləşdirilir. Sahibkarlar və menecerlər saytın bu bölməsinə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.