SİYASƏT
MSK BƏLƏDİYYƏ ÜZVÜ SEÇİLMİŞ NAMİZƏDLƏR HAQQINDA STATİSTİK MƏLUMATLARI AÇIQLAMIŞDIR
Bakı, 12 yanvar (AZƏRTAC). Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş seçkilərdə bələdiyyə üzvü seçilmiş namizədlər haqqında statistik məlumatları açıqlamışdır.
MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzindən bildirmişlər ki, seçkilərdə qalib gəlmiş şəxslərin 10 min 705-nin namizədliyi siyasi partiyalar, 77-nin namizədliyi təşəbbüs qrupları, 4809 nəfərin namizədliyi isə özləri tərəfindən irəli sürülmüşdür.
Bələdiyyələrdə siyasi partiyaları təmsil edən namizədlərin 10 min 290-ı YAP, 132-si BQP, 81-i BAXCP, 62-si AVP, 61-i VHP, 41-i Ümid, 15-i ADİSP, 14-ü VBP, 5-i ASRP, 4-ü isə Müsavat partiyalarının üzvləridir. Bitərəflərin sayı 4157, partiya mənsubiyyətini göstərməyənlər 157 nəfərdir.
Builki bələdiyyə üzvlərinin 9 min 979-u ali, 2711-i orta ixtisas, 2825-i orta, 76-sı isə natamam ali təhsillidirlər. Bələdiyyə üzvlərinin 11517-ni kişilər, 4074-nü qadınlar təşkil edirlər.
Bələdiyyə üzvlərinin 4243-ü 21-30, 2615-i 31-40, 4781-i 41-50, 3293-ü 51-60 yaş qrupuna daxildirlər. 659 nəfərinin yaşı 60-dan yuxarıdır.
Ümumilikdə isə 15 min 591 nəfər bələdiyyə üzvü seçilmişdir.