MƏDƏNİYYƏT
M.S.Ordubadinin xatirə muzeyində Dövlət Bayrağı Günü qeyd edilmişdir
Bakı, 3 noyabr (AZƏRTAC). Noyabrın 3-də M.S.Ordubadinin xatirə muzeyində 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə xatirə muzeyinin elmi işçisi İradə Vəliyeva Dövlət Bayrağı günü barədə məlumat vermişdir.
Bildirmişdir ki, bu gün respublikamızın hər yerində dalğalanan müqəddəs dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Tədbirdə çıxış edən digər natiqlər Dövlət Bayrağı Gününün əhəmiyyətindən danışmışlar.
Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.