ELM VƏ TƏHSİL
“Müasir cəmiyyət və etnomədəni müxtəliflik (Etnoloji oçerklər)” monoqrafiyası çapdan çıxıb
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun etnososioloji tədqiqatlar şöbəsinin rəhbəri, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin “Müasir cəmiyyət və etnomədəni müxtəliflik (Etnoloji oçerklər)” monoqrafiyası nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, monoqrafiya müasir etnik və etnomədəni prosesləri şərtləndirən amillərin və onların təsir dərəcəsinin müəyyənləşdirilməsinə həsr olunub. Həmçinin monoqrafiyada bu proseslərin gedişində yaranan yeniliklərin ənənəvi mədəniyyətə təsir formalarının və məzmununun aydınlaşdırılmasına geniş yer verilib. Nəşrdə Azərbaycanda etnik və etnomədəni proseslər nəzərdən keçirilir, etnoslararası münasibətlərin tarixinə və müasir vəziyyətinə nəzər salınır.
Monoqrafiyada Azərbaycan üçün bu cür dəyişikliklərin gətirdiyi yeniliklər, həmçinin etnoloqlar, tarixçilər, etnopsixoloqlar, politoloqlar arasında bu dəyişiklərə birmənalı olmayan münasibət göstərilir, dəyişikliklərin mümkün pozitiv və neqativ təsirləri analiz edilir. “Qloballaşma şəraitində Azərbaycanda etnik mədəniyyət”, “Sovet dövründə azərbaycanlıların etnik identikliyinin formalaşmasının xüsusiyyətləri”, “Azərbaycanda müasir etnik siyasətin əsas istiqamətləri”, “Azərbaycanın polietnik bölgələrində aparılan etnososioloji tədqiqatlar”, “Qax rayonunun etnik mənzərəsi”, “Akademik T.Q.Köçərlinin “Naxçıvan: uydurmalar və tarixi həqiqətlər” adlı əsərinə bir baxış” və digər etnoloji oçerklərdən ibarət monoqrafiya etnoloqlar, etnopsixoloqlar, politoloqlar və eləcə də geniş oxucu kütləsi üçün bir yenilik olacaq.