ORDU
Müdafiə Nazirliyi: erməni hərbi qulluqçunun ölümü ilə bağlı insidentin Azərbaycan tərəfi ilə heç bir əlaqəsi yoxdur
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin yaydığı yalan məlumatlara münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib: “Ermənistan Müdafiə Nazirliyinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb.
Mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin həmin sahəsinə yaxınlaşmağa cəhd edib. Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb.
Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb.
Sərəncamımızda olan məlumata əsasən, erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş verib. Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur.
Bildiririk ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.