İQTİSADİYYAT
Müqəddəs Qurban bayramı ilə əlaqədar satış yarmarkası təşkil edilmişdir
Lənkəran, 14 oktyabr (AZƏRTAC). Oktyabrın 14-də Bakı-Astara magistral yolunun 274-cü kilometrliyində yerləşən köhnə yanacaqdoldurma məntəqəsinin ərazisində Qurban bayramı ilə əlaqədar satış yarmarkası təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, qurbanlıq üçün nəzərdə tutulmuş mal-qara və davarlar Lənkəran zona baytarlıq laboratoriyasının əməkdaşları tərəfindən tibbi müayinədən keçirilmişdir.
Yarmarkada qoyulmuş nəzarət tərəzilərində çəkilmiş qurbanlıq ət əhaliyə diri çəkidə 4 manat, kəsilmiş halda isə 8 manata təklif olunur.
Bayram yarmarkasına rayonda fəaliyyət göstərən 11 fermer təsərrüfatından və fiziki şəxslərdən 2 minə yaxın xırdabuynuzlu mal-qara çıxarılmışdır. Qiymətlər bazar qiymətindən 20-25 faiz aşağıdır.
Həmişə olduğu kimi, bu il də Lənkəran rayonunda məskunlaşan məcburi köçkün ailələri, Qarabağ müharibəsi əlilləri, şəhid və imkansız ailələr müqəddəs Qurban bayramında diqqətdən kənarda qalmamışlar. Bayram günlərində bu təbəqədən olan 4 min nəfərə qurbanlıq payı veriləcəkdir.
Lənkəranda məskunlaşmış məcburi köçkün Xanım Həsənova bayram təəssüratlarını AZƏRTAC ilə bölüşərək demişdir ki, şəhər icra hakimiyyəti bütün bayramlarda olduğu kimi, Qurban bayramında da məcburi köçkün ailələrini daim diqqət mərkəzində saxlayır. Qurbanlıq heyvanların satış yarmarkasının təşkili də hamının ürəyincədir. Bizə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdaram.
“20 Yanvar” Cəmiyyəti Lənkəran şəhər şöbəsinin sədri, şəhid qardaşı Yusif Abdullayev, şəhər sakini Nəsir Rzayev, Gərmətük qəsəbə sakini Hikmət Nağıyev və başqaları də satış yarmarkasının təşkilindən razılıqlarını bildirmişlər.