İQTİSADİYYAT
Müraciәtlәrə əsasən 5 min 300-dən çox elektron imza verilmişdir
Bakı, 23 yanvar (AZƏRTAC). Azərbaycanda elektron imza vəsiqəsinin alınması prosedurları, eləcə də vətəndaşların “Elektron hökumət” portalına daxil olma imkanları üçün müvafiq işlər həyata keçirilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) AZƏRTAC-a bildirmişlər ki, hazırda “Elektron hökumət” portalına 40 hökumət və dövlət qurumu qoşulmuşdur. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 elektron xidmətdən 187-si vahid portal (bir pəncərə prinsipi) vasitəsi ilə məhdudlaşdırılmış rejimdə əhaliyə göstərilir. RİTN-də yaradılmış “Elektron xidmətlər reyestri”nə dövlət qurumları tərəfindən göstərilən 216 elektron xidmət barədə məlumatlar daxil edilmişdir. “Elektron hökumət” portalının fəaliyyətə başladığı 2012-ci ilin aprel ayından bəri portala 15 minə yaxın müraciət daxil olmuşdur.
Elektron-imzanın sadələşdirilmiş rejimdə verilməsi altsistemi işlənib hazırlanmış, yeni “E-ərizə” e-xidməti yaradılmışdır. İstifadəçilər internet vasitəsi ilə e-ərizəni doldurmaqla və online ödəniş etməklə e-imza kartlarına sahib ola bilirlər. Ötən ilin sonuna qədər Milli Sertifikat Xidmәtlәri Mәrkәzinә edilәn müraciәtlәrə əsasən dövlәt hakimiyyәti orqanlarına 2 min 800-dən artıq , həmçinin hüquqi və fiziki şəxslərə 2 min 500-dən çox, ümumilikdə 5 min 300-dən çox elektron imza verilmişdir.