REGİONLAR
Mürvət Həsənli: Sahibkarlar işinin peşəkarı olan kadrlara çox yüksək ödəniş etməyə hazırdırlar
Bakı, 20 iyun, AZƏRTAC
Ölkədə yerli mütəxəssislərin sayının artırılması aqrar sahənin əsas prioritetlərindəndir. Hazırda peşəkar, savadlı baytarlara, zootexniklərə ciddi ehtiyac var. Sahibkarlar işinin peşəkarı olan kadrlara çox yüksək ödəniş etməyə hazırdırlar.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli Aqrar Universitetin rəhbərliyi və tələbələri ilə görüşdə bildirib.
O qeyd edib ki, tədris prosesi ərzində ixtisasının nəzəri əsaslarını dərindən mənimsəmiş savadlı tələbələrə assosiasiyaya daxil olan şirkətlərdə təcrübə qazanmaq üçün əlindən gələn dəstəyi verməyə hazırdır.
Mürvət Həsənli assosiasiyanın resurslarının eyni vaxtda 50 tələbəni təcrübə ilə təmin etməyə imkan verdiyini və təcrübə keçən tələbələrə aylıq 500 AZN ödəniş nəzərdə tutulduğunu vurğulayıb.