REGİONLAR
Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının konserti olub
Naxçıvan, 11 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının konserti olub.
Universitetin televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə çıxış edən Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva ansamblın yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, ansamblın tərkibinə milli musiqi alətləri ilə yanaşı Avropa musiqi alətləri də daxil edilərək ifa olunan əsərlərin müxtəlif tembrdə səslənməsinə və zənginliyinə şərait yaradılıb. Ansamblın repertuarına klassik muğam, Azərbaycan eləcə də Avropa bəstəkarlarının əsərləri, mahnı və rəqsləri daxildir.
Sonra qarmon ifaçısı Sahil Qasımovun bədii rəhbərlik etdiyi ansamblın konserti tədbir iştirakçılarına təqdim edilib. İlk olaraq tar, skripka, pianino, zərb alətlərindən ibarət ansamblın kompozisiyası dinlənilib. Vətənpərvərlik mahnılarından ibarət konsertdə “Vokal” ixtisası üzrə IV kurs tələbəsi Nuray Ağazadənin ifasında Emin Sabitoğlunun “Azərbaycanım” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. “Xanəndəlik” ixtisasının tələbələrinin ifasında “Xudayar təsnifi”, vokal qrupunun ifasında “Yaşa Azərbaycan”, “Zəfər” mahnıları konsert iştirakçılarına xoş ovqat bəxş edib.
Konsertdə kollecin Qanunçalanlar ansamblının ifasında Süleyman Ələsgərovun “Şalaxo”, “Gənclik” instrumental ansamblının təqdimatında kompozisiya eləcə də “Azərbaycanım” mahnısı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda universitetin rektoru Elbrus İsayev hesabat konsertini yüksək qiymətləndirərək diqqətə çatdırıb ki, ali təhsil ocağının nəzdində fəaliyyət göstərən kollecdə təsdiq olunan tədbirlər planına əsasən cari tədris ili ərzində respublikanın tanınmış sənət adamları ilə görüşlər, ustad dərsləri təşkil edilib. Kollecdaxili nizam-intizam qaydalarının günün tələbləri səviyyəsində qurulması, pedaqoji heyətin tam ixtisaslaşdırılmış formada tədrisə cəlb edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə, savadlı və bacarıqlı gənc kadrların yetişməsinə şərait yaradır. Rektor konsertdə əməyi keçən hər kəsi təbrik edib, yeni-yeni uğurlar arzulayıb.