SİYASƏT
Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının ekspert qrupu Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşmüşdür
Bakı, 4 sentyabr (AZƏRTAC). Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərinin uzunmüddətli müşahidəsi üzrə ekspert qrupu sentyabrın 4-də Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahov ilə görüşmüşdür.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları salamlayan sədr seçkilərdə şəffaflığın təmin olunması baxımından müşahidəçilik institutunun böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, MDB Parlament Assambleyasından olan uzunmüddətli müşahidəçilərin qarşıdan gələn seçkiləri izləməsindən məmnunluğunu vurğulamışdır.
Qrupun rəhbəri, MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarının monitorinqi üzrə Beynəlxalq İnstitutunun direktoru Dmitri Qladey bildirmişdir ki, rəhbərlik etdiyi qrup 7 MDB ölkəsinin nüfuzlu ekspertlərindən təşkil olunmuşdur. Qrupun məqsədi Azərbaycanda prezident seçkilərinə hazırlığın vəziyyəti ilə də tanış olmaq və aparılan müşahidələrin nəticəsi olaraq hesabat hazırlamaqdır. Artıq ekspertlər Azərbaycanın Gəncə, Samux və Şəmkir rayonlarına səfər edərək dairə və məntəqə seçki komissiyalarının işi ilə tanış olmuş, seçkilərə hazırlığın vəziyyəti ilə yaxından maraqlanmışlar. Qrup rəhbəri növbəti səfərlərinin Lənkəran, Lerik və Astara rayonlarına olacağını diqqətə çatdırmışdır.
Mərkəzi Seçki Komissiyasının sədri qonaqların xahişi ilə onlara seçkiyə hazırlıqla bağlı görülmüş işlər və həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat vermişdir.
Görüşdə qarşıdan gələn seçkilərin müşahidəsinin təşkili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.