CƏMİYYƏT
Mütəxəssislərin fikrincə, 40 yaşadək siqareti tərgitmək ömrün 10 ilini geri qaytarmaq deməkdir
Bakı, 26 yanvar (AZƏRTAC). Kanadanın Müqəddəs Mixael Hospitalının alimləri belə qənaətə gəlmişlər ki, 40 yaşadək siqaretdən imtina edən tütün həvəskarının ömrünün uzanması baxımından heç bir qorxusu yoxdur.
Əgər göstərilən yaşadək siqaretdən imtina edilsə, onda çox yaşamağa əmin olmaq mümkündür. Məlum olmuşdur ki, nikotin siqaret çəkəni ömrünün 10 ilindən məhrum edir. Mütəxəssislər 16 min nəfərin məlumatlarını araşdırdıqdan sonra bu qərara gəlmişlər. 35-44 yaşadək siqareti atanlar ömürlərinin 9 ilini özlərinə qaytarmışlar, siqaret çəkməyi 45-54 və 55-64 yaşda tərgidənlər isə ömürlərini 6 və 4 il artırmışlar.
Tədqiqatçılar qeyd edirlər ki, onların kəşfi sağlamlığınızın qeydinə qalmadan, 40 yaşadək istədiyiniz qədər siqaret çəkə biləcəyiniz anlamını vermir. Siqaret aludəçiləri istənilən halda həyatlarını təhlükəyə atırlar və onlar üçün ağ ciyər xərçəngi riskini hələlik heç kim aradan qaldırmamışdır. Lakin siqareti mümkün qədər tez tərgitməklə zərərin bir hissəsindən qaçmaq olar.
Siqaret çəkən kişilər və qadınlar eyni dərəcədə itirirlər - təxminən 10 il. Siqaret çəkməyənlər arasında 80 ilədək ömür sürənlərin sayı siqaret çəkənlərdən ikiqat artıqdır.
Ekspertlərin fikrincə, hazırda dünyada təqribən 1,3 milyard adam siqaret çəkir. Onların əksəriyyəti adambaşına gəlirin aşağı və orta səviyyədə olduğu ölkələrdə yaşayır. Hər il təxminən 30 milyon gənc - bütün yeniyetmələrin yarısı, qızların isə 10 faizi siqaret çəkməyə başlayır. Siqaretə yeni başlayanların əksəriyyəti uzun müddət bu zərərli vərdişə üstün gəlməyi bacarmırlar. Alimlər təsdiq edirlər ki, hazırkı tendensiyanın saxlanacağı təqdirdə siqaret çəkmək XXI əsrdə bir milyarda yaxın adamın həyatına son qoyacaqdır.