REGİONLAR
Muxtar respublikada büdcə daxilolmaları 30 milyon manata qədər artırılıb
Naxçıvan, 26 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 113 milyon 200 min manat proqnozlaşdırılır ki, bu da 2019-cu ilin büdcəsi ilə müqayisədə 29 milyon 860 min manat və ya 35,8 faiz çoxdur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dövlət büdcəsi üzrə gəlirlərin 85 milyon 620 min manatı və ya 75,6 faizi muxtar respublikanın Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür. Bu məbləğ 2019-cu illə müqayisədə 15 milyon 800 min manat və ya 22,6 faiz artıq planlaşdırılıb.
Büdcə gəlirlərinin 24 milyon 680 min manatı və ya 21,8 faizi Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların payına düşür ki, bu göstərici 2019-cu illə müqayisədə 14 milyon manat çoxdur.
Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin layihəsi muxtar respublikanın inkişaf prioritetləri, sosial-iqtisadi siyasət hədəfləri, mühüm dövlət proqramlarının və infrastruktur layihələrinin icrası üçün etibarlı maliyyə mühitinin təmin edilməsi əsas götürülməklə hazırlanıb. Dekabrın 21-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında təsdiq edilən büdcədə yerli gəlirlərin artması faktı da qeyd olunub.