REGİONLAR
Muxtar respublikada torpaqlardan səmərəli istifadə sahəsində uğurlu tədbirlər həyata keçirilir
Sədərək, 15 noyabr, AZƏRTAC
Sədərək rayonunda torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müşavirədə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov tədbirin əhəmiyyətini diqqətə çatdırıb.
Muxtar respublikada torpaqlardan səmərəli istifadə sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə dəqiq kadastr uçotu işlərinin aparılmasının önəmini vurğulayıb. Komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir.
Bildirilib ki, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq komitə tərəfindən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Artıq Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonları üzrə həyətyanı torpaq sahələrinin elektron taxometr vasitəsilə dəqiqləşdirilməsi başa çatdırılıb. Şahbuz rayonunun 11 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, Sədərək rayonunda planaalma işlərinə start verilib. Görüləcək işlər nəticəsində torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud uyğunsuzluqların aradan qaldırılması, torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotunun aparılması təmin olunacaq. Torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarəti güclənəcək, torpaq idarəçiliyinin iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi üçün geniş imkanlar yaradılacaq.
Müşavirədə komitənin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun direktoru Cəfər Əliyevin çıxışları dinlənilib.
Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.