MƏDƏNİYYƏT
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində növbəti tədbir
Bakı, 17 noyabr, AZƏRTAC
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində (MSXƏEBM) görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Ey güli-süsən, səni bir Natəvan çəkmiş məgər?” adlı ədəbi tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC bildirilib ki, tədbir Xurşidbanu Natəvanın obrazının canlandırıldığı “Üzeyir ömrü - Uzun ömrün akkordları” filmindən fraqmentin nümayişi ilə başlayıb.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov çıxış edərək, Xurşidbanu Natəvanın həyat və yaradıcılığı, şəcərəsi haqqında ətraflı məlumat verib. Bir çox tarixi mənbələrdən, məktublardan, xatirələrdən toplanmış maraqlı faktları qeyd edib.
Mərkəzin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova bildirib ki, mərkəzə rəhbərlik etdiyi dövrdə Xurşidbanu Natəvana məxsus bir sıra muzey əşyaları mərkəzdə bərpa edilərək muzeylərə qaytarılıb.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova deyib: “Görkəmli şairəyə məxsus əlyazmalar rəhbərlik etdiyi muzeyin toplusunda böyük dəyərlə qorunub saxlanılır. Dəfələrlə digər muzeylərin ekspozisiyalarında nümayiş olunub. Əlyazmalar hazırda Milli İncəsənət Muzeyində sərgilənməkdədir”.
Mərkəzin şöbə müdiri Xatirə Tağıyeva dahi şairənin əlyazmalarını bərpaya qəbul edərkən üzərində aparılan araşdırmadan, bərpa prosesindən bəhs edərək, çıxışını Natəvanın “Könlüm” qəzəlinin misraları ilə sonlandırıb.
Azərbaycanın Əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər namizədi Məhəbbət Mehdiyeva Xan qızı ləqəbli Natəvanın ədəbiyyat tariximizdə olan müstəsna rolundan bəhs edərək deyib: “Şairənin üslubu və dərin mənalı qəzəlləri iki əsrə yaxın müddət keçsə belə, yenə aktuallığını itirmir. Azərbaycan xalqı nadir xalqlardandır ki, hər əsrdə öz sözünü demiş, dünyada tanınmış savadlı və istedadlı qadın yazarlar, şairələr yetişdirib”.
Mərkəzin direktor müavini İranə İbrahimova Xurşidbanu Natəvana məxsus geyimlərdən söz açaraq, onların mürəkkəb bərpa prosesi haqqında məlumat verib və bu prosesi əks etdirən videoçarx təqdim edib.
Ədəbi tədbirin sonunda yenə “Üzeyir ömrü - Uzun ömrün akkordları” filmindən fraqmentdə Xurşidbanu Natəvan obrazının dilindən “Qərənfil” şeiri səsləndirilib və Azərbaycanın Xalq artisti Samir Cəfərovun ifasında görkəmli bəstəkar Vasif Adgözəlovun bu şeirə bəstələdiyi mahnı dinlənilib.